Zərgərlik məmulatları və qiymətli daşların qiymətləndirilməsi zinət əşyası barədə maksimal dəqiq və ətraflı məlumat almağa imkan verir, qiymətləndirmə fəaliyyətinin xüsusi növüdür və qiymətli daşların mineralogiyası, emalı, zərgərlik məmulatlarının hazırlanma texnologiyasının əsasları barədə xüsusi biliklərə malik qiymətləndiricilər tərəfindən aparılır.
Müasir iqtisadi şəraitdə qiymətli daş və onlardan hazırlanan məmulatlara maraq qəfil artıb. Zərgərlik məmulatları bazarı təşəkkül dövründən keçib və hal-hazırda sürətli inkişaf mərhələsindədir. Qiymətli əşyalarla ticarət və girov əməliyyatları həyata keçirən açılan zərgərlik mağazaları, emalatxanalar, lombardlar, satınalma yerləri, banklar zərgərlik məmulatları və qiymətli daşların ekspert qiymətləndiricilərinə tələbat doğurub. Qiymətləndirmə fəaliyyətinin vacibliyi və zəruriliyi zərgərlik məmulatlarının dövriyyə sahəsinin genişlənməsi ilə daha da artır. Ənənəvi zərgərlik istehsalı, topdan, pərakəndə və komission ticarətlə yanaşı, lombard və satınalma fəaliyyəti də sürətlə inkişaf edir. Zərgərlik antikvarlarına da maraq artır.
Zərgərlik məmulatları və qiymətli daşların qiymətləndirilməsi – peşəkar qiymətləndiricinin qiymətli daşların və ya qiymətli metal və daşlardan hazırlanan zərgərlik məmulatlarının keyfiyyəti və dəyərinin qiymətləndirilməsinə yönəlmiş fəaliyyətidir. Malların digər növləri ilə müqayisədə zərgərlik məmulatları qeyri-adidir, onlar dəbdəbəli əşyadır. Onlar həyat səviyyəsi kifayət qədər yüksək olduqda və iqtisadi vəziyyət əlverişli olduqda alınır. Bu göstəricilər pisləşdiyi halda ilk növbədə məhz bu məmulatlara olan tələbat azalır. Bunlarla yanaşı, qiymətli metal və daşlardan zərgərlik məmulatları miniatür olsa da bahadır. Bu məmulatların yüksək dəyəri onların unikallığı ilə əlaqəlidir, lakin bu kifayət deyil, alıcının mala, onun barədə məlumatın mötəbərliyinə inamı yüksək olmalıdır. Baxmayaraq ki, zinət əşyaları təkrar satış məqsədləri üçün alınmır, gələcəkdə onların dəyərdən düşməyəcəyindən əminlik insanları bu əşyaları almağa daha da həvəsləndirir. Etimad amili qiymətləndiricilərin öz peşəkar fəaliyyətində yüksək məsuliyyətini əvvəlcədən müəyyən edir.
Zərgərlik məmulatları və qiymətli daşların qiymətləndirilməsi aşağıdakı hallarda tələb olunur:
– əmlak mübahisələrinin həlli;
– sığorta məqsədləri;
– girov ilə kredit;
– alqı-satqı;
– satınalma.
Brilyant, zərgərlik daşları və onlardan hazırlanan məmulatların qiymətləndirilməsi üsulları:
Qiymətli daşların qiymətləndirilməsi beynəlxalq zərgərlik biznesi təcrübəsində qəbul edilmiş, brilyant, zərgərlik daşları və onlardan məmulatların qiymətləndirilməsi üçün əsas olan qayda, norma, standart və metodikalara uyğun olaraq onların bazar dəyərinin müəyyən edilməsini nəzərdə tutur. Qiymətləndirmənin məqsədindən qiymətləndirmə metodikası və dəyər növünün seçilməsi asılıdır. Təsərrüfatın bazar şəraitində ən yayılan dəyər növü bazar dəyəridir. Bazar dəyəri bazarın ayrı-ayrı iştirakçılarının istəyindən asılı deyil, obyektivdir və həmin bazarda yaranan real iqtisadi şəraiti əks etdirir. Zərgərlik məmulatlarının dəyərinin növləri onların istifadə olunduğu əməliyyatlarla (alqı-satqı, girov ilə kredit, satınalma, sığorta, əmlak mübahisələrinin həlli və s.) əvvəlcədən müəyyən edilir, bu isə qiymət növlərinin müxtəlifliyinə gətirib çıxarır.
– zərgərlik məmulatları və qiymətli daşların xərc mövqeyindən qiymətləndirilməsi (xərc metodu)
– zərgərlik məmulatları və qiymətli daşların satışların birbaşa müqayisəsi üzrə qiymətləndirilməsi (satışların müqayisəsi metodu)
– zərgərlik məmulatları və qiymətli daşların gözlənilən gəlir baxımından qiymətləndirilməsi (gəlir metodu)
Zərgərlik məmulatı və ya məmulat partiyasının dəyər qiymətləndirilməsi üçün aşağıdakı sənədlər lazımdır:
- Qiymətləndirilən obyektə dair hüquq təyinedici sənədlər (əgər varsa).
- Hüquqi şəxsə məxsus Qiymətləndirmə obyektinin balans dəyəri barədə arayış.
- Qiymətləndirmə obyektinin kəmiyyət və keyfiyyət xüsusiyyətlərini müəyyən edən ekspertin texnoloji rəyi. Rəyə mütləq aşağıdakılar daxil edilməlidir:
– Zərgərlik məmulatının adı.
– Zərgərlik məmulatının şəkli.
– Zərgərlik məmulatının çəkisi.
-Məmulatda qiymətli metal probunun göstərilməsi və zərgərlik məmulatında olan damğaların şəkli.
– Zərgərlik məmulatının hazırlandığı zərgərlik ərintisinin tərkibi barədə məlumat.
– Zərgərlik məmulatında olan zərgərlik daşlarının çəkisi, kəmiyyət və keyfiyyət xüsusiyyətlərinin göstərilməsi ilə təsviri. Əvvəl verilən ekspertin gemmoloji rəyinə (surəti əlavə edilməklə) istinad mümkündür.
– Zərgərlik məmulatı və onun konstruksiyasının hazırlanma texnologiyası barədə məlumatlar.
– Məmulatda zərgərlik daşlarının bərkidilmə növü barədə məlumat.
– Zərgərlik məmulatının dekorativ işlənməsi növləri barədə məlumatlar.
– Texnoloji rəydə ekspertin fikrincə vacib olan digər məlumatlar olmalıdır.
- Qiymətləndirmə obyekti hüquqi şəxsə məxsusdursa, onun xüsusiyyətlərinin müəyyən edilməsi üçün hüquqi şəxsdən məsul şəxslərin imzaladığı obyektin dəqiq təsviri ilə Qiymətləndirmə obyektinə spesifikasiyasını almaq kifayətdir.
Qiymətləndirmə obyekti antikvar zərgərlik məmulatıdırsa və ya bədii dəyərə malikdirsə sənətşünaslıq rəyi alınmalıdır. Bəzi hallarda sənətşünaslıq rəyi texnoloji rəylə birləşdirilir.